Odlar Yurdu Universiteti - OYU.edu.az Kitabxana » Odlar Yurdu Universiteti - OYU.edu.az

KİTABXANA: ÜMUMİ MƏLUMATLAR

      Kitabxana müdiri: Mehdiyeva Elnarə

     Azərbaycanın ən zəngin elmi kitabxanalarından olan Odlar Yurdu Universitetinin kitabxanasının əsası 1996-cı ildə qoyulmuşdur. Kitabxana 300 nəfərlik oxu zalından və geniş fonddan ibarətdir. Bu kitabxana öz fondunu daim genişləndirdiyindən Universitetin bütün tədris bölmələri müvafiq ədəbiyyatlarla təchiz edilir və oxucularını istənilən elm sahəsində kitablarla təmin edir. Fonda daxildir: 

      1. Dərsliklər
      2. İctimai-siyasi ədəbiyyat
      3. Elmi ədəbiyyat
      4. Bədii ədəbiyyat
      5. Xarici ədəbiyyat
      6. Dövri-mətbuat nəşrləri
      Yerli nəşriyyat və kitab satışı üzrə ixtisaslaşan təşkilatlarla əlaqə sayəsində kitabxana Azərbaycan dilində nəşr olunan ədəbiyyatlarla təmin olunur. Xarici ədəbiyyatları isə kitabxana beynəlxalq kitab müqaviləsi nəticəsində əldə edir. Belə ki, kitabxana bu müqavilə əsasında 1000 adda 5000 nüsxə ingilis, alman dilində kitabları alaraq kitabxana qaydasında işləyib fonda daxil etmişdir. Odlar Yurdu Universiteti ABŞ, MDB, Türkiyə, Şimali Kipr Türk Cümhüriyyəti və s. ölkələrin universitetləri ilə elmi əlaqədədir. Bundan əlavə, müxtəlif təşkilatlar və fərdi şəxslərin bağışladıqları kitablar da orada saxlanılır. Qeyd edək ki, kitabxananın elmi-tədris fondunda 146 min ədəd çap materialı qeydə alınıb ki, onun 20 mini xarici dillərdədir. Bununla yanaşı oxu zalında Universitetin professor-müəllim heyətinin müəllifi olduğu kitablar, dərsliklər, dərs vəsaitləri, məqalələr və s. toplanıb oxucuların istifadəsinə verilmişdir. Bundan əlavə fond bütün qruplar üçün tədris olunan müvafiq fənlərin hər biri üzrə ədəbiyyatla təmin olunmuşdur.

Kitabxana
      Bundan başqa, kitabxana il ərzində abunə yolu ilə dövri mətbuatla təmin olunur. Odlar Yurdu, Respublika, Xalq, Yeni Azərbaycan, İqtisadiyyat, 525-ci, Təhsil , Müəllim, Baku sun, Azer News qəzetləri, Xalq nəzarəti, Spektr, 21-ci əsr, Vergilər, Zaman,Cəmiyyət, Əsrin adamı, Pedaqoji aləm, Oqonek, Ekspert, Biznes, Meridian drujbı, Consulting business, Baku jurnalları müntəzəm olaraq oxu zalına daxil olur və oxucuların istifadəsinə verilir. Bununla yanaşı elmi jurnallarla zəngindir. "Odlar Yurdu Universitetinin Elmi Pedaqoji Xəbərləri" jurnalı, Riyaziyyat və mexanika institutunun əsərləri, AMEA-nın xəbərləri, AMEA-nın məruzələri, ingilis dilində xaricdən gələn elmi jurnallar, The Annals of Probability, Notices, Intelligent Automation and Soft Computing, Mathematics and statistics oxu zalının oxucularının sayını daha da artırır.
      Kitabxanamızın oxu zalında Heydər Əliyev irsinin tədqiqat mərkəzi yaradılmışdır. Oxucularımız öz siyasi biliklərini artırmaq üçün bu mərkəzdən istifadə edirlər. Bu da oxucu kütləsinin daha da artmasına xidmət edir.
      2003-cü ildən başlayaraq Odlar Yurdu Universitetinin kitabxanasındakı iş prosesinin kompüter texnologiyasına keçirilməsi işini yoluna qoymağa imkan verən müasir proqram hazırlanmışdır. Artıq tələbə və müəllimlərin kitabxanadakı kompüterlər vasitəsi ilə internetə çıxaraq elektron kitabxanalar və ixtisaslarına uyğun saytlara daxil olub onlardan məqəsədəuyğun şəkildə istifadə etmək imkanı var. Onu deyək ki, artıq Universitetdə elektron kitabxana yaradılıb və bu da oxuculara operativ, sürətlə elektron xidmət göstərməyə imkan verir. Bunun nəticəsində oxucu kontingenti informasiya axtarışı dalınca Azərbaycandan kənara da çıxa biləcək.
      Elektron kitabxana dünya informasiya sistemində oxucuları inteqrasiya etməyə kömək edir. Azərbaycanda bu sahədə ilk addımları OYU atmışdır. Qeyd etmək lazımdır ki, elektron kitabxananın tərkibində oxucular həm bioqrafik informasiya ilə, həm də elektron nəşrlərlə tanış ola bilərlər. Bütün bunlar elektron kitabxanaya daxil olan elektron kataloqlar vasitəsilə həyata keçirilir. Odlar Yurdu Universitetinin kitabxanasının elektron katoloqu beynəlxalq aləmdə standart format kimi qəbul və təsdiq edilən USEMARC formatı əsasında hazırlanmışdır. İlk dəfə ABŞ-ın Konqres kitabxanasının elektron katoloqunun hazırlanmasında tətbiq edilən bu format sənədlərin biblioqrafik təsvir ünsürlərinin kodlaşdırılması ilə onların uçotunun aparılmasına xidmət edir. Bu formatın kitabxanamızda tətbiq edilməsi sənəd uçotunun beynəlxalq səviyyədə tanınmasına şərait yaradır. Bütün bunlardan əlavə, oxucular elektron kitabxananın köməyi ilə dünyanın bir sıra aparıcı kitabxanalarına (Almaniyanın Zigen Universiteti, ABŞ-ın Corciya Universiteti, ABŞ Konqres Kitabxanası, Vatikan Milli Kitabxanası, Britaniya Milli Kitabxanası, Fransa Milli Kitabxanası, Rusiya, Kanadanın ali məktəb kitabxanaları və s.) müraciət edib sifariş vasitəsilə sənəd ala bilərlər. Elecə də başqa kitabxanalar elektron kitabxanamızda öz əksini tapmışdır.
      Saytda Odlar Yurdu Universitetinin kitabxanasından əlavə Milli kitabxanalar, Azərbaycandakı ali məktəblərin – Bakı Dövlət Universiteti, İqtisad Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası və Dillər Universiteti kitabxanaları, eləcə də dünya kitabxanalarının elektron katoloqu, alim və mütəxəssislərin kitab, elmi iş və məqalələrindən ibarət elektron kitabxana yerləşdirilib. Qeyd edək ki, Rusiyanın 21 (Rusiya Dövlət Kitabxanası, Rusiya Elmi Kitabxanası, Sankt-Peterburq Milli Kitabxanası, Moskva Dövlət Universitetinin Kitabxanası və s.) , MDB ölkələrinin isə 55 kitabxanasının (Ukrayna, Belarus, Qazaxıstan, Azərbaycan, Gürcüstan və s.) kataloqu saytda özünə yer tapıb. Həmçinin orada ölkədaxili və xarici qəzet, jurnallar barədə məlumatlar toplanmışdır.       Saytda Azərbaycanın ümummilli lideri Heydər Əliyev irsinin öyrənilməsi üçün də xüsusi yer ayrılmışdır. Ümummilli liderin 80 illik, yubileyi münasibətilə biblioqrafik məlumatlar, Heydər Əliyevin 21 dilə tərcümə olunmuş elmi əsərləri və onun haqqında məqalələr də elektron kitabxanada öz əksini tapıb. Bundan əlavə, istifadəçilər elektron kitabxana vasitəsilə ölkə daxilində və xaricində baş vermiş ən son xəbərlərlə də məlumatlanmaq imkanı əldə edirlər.
      2011-2012 -ci tədris ilində kitabxanaya 205 adda, 1800 kitab daxil olmuşdur və kitablar elektron kataloqa salınmışdır. Kitabxana qaydası ilə işlənərək fonda yığılmışdır. Hər bir oxucu elektron kitabxanadan istifadə edir. Bu da oxucuların sərbəst surətdə informasiya almaq hüquqlarını təmin edir, onların kitablara, dövri nəşrlərə və kitabxana fondunu təşkil edən digər sənədlərə olan tələbatlarını tam surətdə ödəyir.
      İl ərzində tələbələrin sorğusunu nəzərə alaraq, bütün kafedralardan ixtisaslar üzrə mühazirələrin disk və çap şəklində kitabxananın müvafiq şöbəsində yerləşdirilib. Bundan başqa bütün ixtisas kafedralara və uyğun struktur bölmələrinə lazım olan ədəbiyyatın alınması haqqında məlumat verilir və kitabxana həmin kitablarla təmin olunur.

      Odlar Yurdu Universitetinin kitabxanasının 2 mindən artıq daimi oxucusu var ki, onlardan da 1500-ü Universitetin professor-müəllim heyəti və tələbələrdir. Oxu zalından hər gün 180-200 nəfər oxucu istifadə edir ki, cari tədris ilində 36000 oxucu deməkdir. Universitetin kitabxanasında baş vermiş yeniliklər orada oxucuların sayının daha da artmasına imkan verir.